1992-ci il fevralın 25-dən 26-na keçən gecə, saat 23:00 radələrində ermənilər Xocalıya hücum etdilər. Həmin vaxt xidmətdə vəzifə başında idik. Səhər 04:00-05:00 radələrində ermənilər tankdan bizə atəş açdılar. Ciddi yaralandığımdan huşumu itirdim. Ayılanda atəşin dayandığını gördüm. Ermənilər məni və bir neçə Xocalı sakinini tutub Xankəndində təcridxanaya gətirdilər və orada bizə işgəncə verdilər. Sol ayağımın ciddi yaralanmasına baxmayaraq, bir metr uzunluğunda dəmir parçası ilə vuraraq sağ ayağımı da sındırdılar. Ələsgər adında oğlanın qızıl dişlərini kəlbətinlə sökdülər. İşgəncələrə dözə bilmədi, elə həmin gecə öldü.
Oradakı insanların çoxu işgəncələrə dözə bilməyərək həyatlarını itirdilər. Şəhəri ələ keçirdikdən sonra ermənilər evimizi, mal-mülkümüzü, bütün var-dövlətimizi talan etdilər.