1992-ci il fevralın 25-dən 26-na keçən gecə valideynlərimlə birlikdə Xocalıdakı evimizi tərk etdik. O vaxt 12 yaşım var idi. Şəhərdən çıxıb meşəyə qaçdıq və orda 6 gün qaldıq. Ermənilər bizi mühasirəyə alaraq atəş açmağa başladılar. Sol ayağımdan yaralanmışdım. Ermənilərin 16 gənci öldürüb traktorla quyuya atdıqlarını gözlərimlə gördüm. Ağdama qaçmağa çalışarkən ermənilər bizi tutdular və atamı vəhşicəsinə döydülər. Pulumuzu və qızıl əşyalarımızı götürdülər. Sonra Ağdam rayonunda yerləşən fermaya gətirərək orada 3 gün saxladılar. Ayağım ciddi yaralanmışdı, valideynlərim qanaxmanı kəsmək üçün iplə möhkəm bağlamışdılar. Ermənilər orada saxladıqları girovları vəhşicəsinə döyürdülər. 3 gün sonra bizi buraxdılar. Əsirlikdən azad olunduqdan sonra Ağdam xəstəxanasında müalicə aldım, ayağımda 12 tikiş yeri var. İndi o gördüyüm işgəncələrdən əziyyət çəkirəm. Hələ də normal yeriyə bilmirəm. Atam əsir alınan zaman gördüyü işgəncələrin nəticəsidir ki, indi böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkir.