1991-ci ilin oktyabr ayından etibarən Xocalı rayonu tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdı. 30 oktyabr tarixində rayonla yerüstü əlaqə kəsilmiş və helikopter yeganə nəqliyyat vasitəsinə çevrilmişdi. Lakin, 40 nəfərin ölümü ilə nəticələnən mülki helikopterin Şuşa şəhəri üzərində vurulması hadisəsindən sonra bu xidmət də öz fəaliyyətini dayandırmışdı. 1992-ci ilin yanvar ayından etibarən Xocalıya elektrik təchizatı da kəsilmişdi. Şəhər ancaq əhalinin cəsurluğu və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayırdı.
Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın əraziyə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin onların ümidləri boşa çıxdı. Şəhəri tərk edən əhali pusquya düşdü, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi qaçmağa çalışarkən dağlarda donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildi.
Şübhəsiz Xocalıda baş verənlər münaqişənin ən iri miqyaslı qırğını idi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəli gecə zamanı 487 nəfər Xocalı sakini şikəst edildi və onlardan 76 nəfəri uşaq idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
Şahid ifadələri, hökumət, hökumətlərarası və qeyri-hökumət təşkilatları, həmçinin kütləvi informasiya vasitələri də daxil olmaqla müxtəlif mənbələrin yazılarında Ermənistanın, o cümlədən onun siyasi və hərbi rəhbərliyinin və qanunsuz separatçı silahlı qruplarının Xocalıda törədilən cinayətlərə görə məsuliyyət daşıdığını göstərən kifayət qədər sübut mövcuddur.
Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında aşağıdakıları qeyd edir: “Müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı azərbaycanlı etnik mənşəyinə malik olan yüzlərlə mülki əhali şəhəri tərk etməyə cəhd etdikləri vaxt şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürülmüş, yaralanmış və girov götürülmüşdür”.
Xocalı hadisələri Ermənistan Respublikasının keçmiş prezidenti Serj Sarkisyanın qanunsuz separatçı rejimin “Özünümüdafiə Qüvvələri Komitəsi”nin rəhbəri olduğu dövrdə baş vermişdir və bu səbəbdən onun xatirələri bu sahədə sübut üçün ən vacib mənbələrindən biridir. Sarkisyanın aşağıdakı sözləri Xocalıda törədilmiş cinayətlərin icraçıları barədə heç bir şübhə qoymur: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bunu [stereotipi] qıra bildik. Və budur baş verənlər”.
Bundan əlavə Pascal Privat və Steve Le Vine yazırdı ki, “Azərbaycan ötən həftə yenidən yas tutan qaçqınların və məscidin arxasında müvəqqəti meyitxana kimi istifadə edilən yerdə xeyli sayda cəsədin toplandığı ölüxanaya çevrilmişdi. Onlar Xocalının sadə azərbaycanlı sakinləri – kişi, qadın, və uşaqlar idi”.
Bununla yanaşı, 1992-ci il martın 3-də New York Times yazırdı: “Bu gün Azərbaycanın əsasən ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağ regionunda erməni yaraqlıları tərəfindən azərbaycanlı mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı təzə dəlillər ortaya çıxmışdır”.
Reuters-in fotoqrafı Frederik Lenqeyn Dağlıq Qarabağın ətraf ərazilərində meyitlərlə dolu iki yük maşını gördüyünü deyirdi. “Birincisində 35 meyit saydım, ikincisində isə demək olar ki, daha çox idi… Bəzilərinin başı kəsilmiş, çoxu isə yandırılmışdı” – deyə, o qeyd edirdi.
Bununla belə, ən həlledici hesabat Human Rights Watch-dan gəldi. Human Rights Watch-un hesabatında qeyd edilirdi ki, “1992-ci ilin fevralında Qarabağ erməni qüvvələri … 366-cı motoatıcı alayının əsgərlərinin dəstəyi ilə azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini ələ keçirdilər. Hücumda 200-dən çox mülki şəxs həlak olmuşdur. Bu, münaqişə tarixində indiyə qədərki ən böyük qırğındır”.