Xocalı rayonu işğal zamanı Azərbaycanın keçmiş Dağlıq Qarabağ rayonunda yerləşirdi. Onun ərazisi 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının (SSR) tərkibində yaradılmış və 1991-ci il noyabrın 26-dək mövcud olmuş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibində olmuşdur.
İşğaldan əvvəl Xocalı 1000 kv. km əraziyə və 7000 nəfər əhaliyə malik olmuşdur. Xocalı Xankəndindən 10 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Xocalı regionda yeganə mülki hava limanına malik olmaqla mühüm kommunikasiya mərkəzi sayılırdı. Xocalı eyni zamanda Mərkəzi Asiyada etnik zəmində baş verən qanlı toqquşmalardan xilas olmuş Axısxa türkləri, həmçinin Ermənistandan qovulan azərbaycanlı qaçqınlar üçün sığınacaq idi.
Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala (2843 m) və Qırxqızdır (2830 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənləri ilə örtülmüşdür. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40%-ə qədəri fıstıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.
Xocalı Azərbaycan tarixinin və mədəniyyətinin bir hissəsini təşkil edir. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son tunc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, tunc, sümükdən bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilmişdir. İki istehkamdan ibarət olan qala çay daşından inşa olunmuşdur. Bu qalaya aid digər əlamətdar özəllik 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqlarının bu qalada aparılmasıdır. Bu da qalanın tarixi əhəmiyyətini daha da artırmışdır.
Xocalıda əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. İşğala qədər rayonda onlarla mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər, səhiyyə müəssisələri, kənd təsərrüfatı və sənaye müəssisələri və s. kimi ictimai təşkilatlar fəaliyyət göstərmişdir. Xocalı şəhərində toxuculuq fabriki, iki orta məktəb və iki natamam orta məktəb var idi. Xocalı ilə qonşu olan rayonlar Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonlarıdır. Rayonda bir şəhər, bir qəsəbə (Əsgəran), 50 kənd var. Kəndləri: Almalı, Qarakötük, Ballıca, Xanyurdu, Mehdibəyli, Cəmilli, Çanaqçı, Sığnaq, Dağyurd, Daşbulaq, Badara, Xanyeri, Qayabaşı, Sunçinka, Harov, Dağdağan, Xanabad, Ağgədik, Aşağı Qılıçbağ, Kosalar, Başkənd, Canhəsən, Təzəbinə, Qışlaq, Cavadlar, Yalobakənd, Qarabulaq, Dəmirçilər, Quşçubaba, Mədətkənd, Qızıloba, Aşağı Yemişcan, Xaçmaç, Yuxarı Yemişcan, Meşəli, Naxçıvanlı, Ağbulaq, Aranzəmin, Dəhrəz, Pircamal, Pirlər, Daşbaşı, Fərrux, Seyidbəyli, Ulubaba, Şuşakənd, Daşkənd, Muxtar, Sərdarkənd, Şəlvə.