1992-ci il fevralın 25-dən 26-na keçən gecə, 23:00 radələrində ermənilər Xocalını işğal etdilər. O vaxt biz növbədə idik. Ətrafımızı mühasirəyə aldıqlarında Ağdam rayonuna tərəf qaçmağa çalışdıq. Birlikdə 60-70 nəfər idik, ancaq 20-30 nəfərimiz sağ qala bildi. Ermənilər bizi bir evə yığıb əzab verirdilər. Aramızda Əhməd adında Özbəkistandan olan Axısxa türkü var idi. Əllərini və ayaqlarını bağlayıb başını kəsdilər. Sonra məni Xankəndiyə apardılar. Orada məni zirzəmiyə atıb əllərimi bağladılar, huşumu itirənədək məni döydülər. Bıçağı qızdırıb ayaqlarımı dağlayırdılar. Bədənimdə bıçaqdan qalan bir neçə çapıq izi var. Sonra sarı rəngdə dərman içməyə məcbur etdilər. İndi o dərmanın nə olduğunu bilirəm. 9 ildir ki, evliyəm, ancaq hələ də uşağım olmur. Mənim kimi bir çox gənc azərbaycanlılara işgəncə edərək həyatımızı bədbəxt etdilər. Bu işgəncələrdən sonra əsəb xəstəliyindən əziyyət çəkirəm, böyrəklərim tez-tez ağrıyır, ayaq üstdə güclə dururam. Ermənilər evimizi, mal-mülkümüzü, var-dövlətimizi talan etdilər.