Elman Məmmədov
Mənim bütün ailəm Xocalıdandır; Mən orada anadan olmuş və rayon işğal olunana kimi orada yaşamışam. 1987-ci ildən Xocalı şəhər İcra Hakimiyyətinin başçısı və 1988-ci ildən rayon müdafiə qüvvələrinin rəhbəri olmuşam.
Xocalı əvvəl kənd idi, lakin zaman keçdikcə əhalisi artırdı. 1988-ci ildə rayonun 7000-dən çox əhalisi var idi və 1990-cı ildə Özbəkistandan 54 Axısxa türkü ailəsi köç edərək Xocalıda məskən qurdular; onların əcdadları Stalin tərəfindən sürgün edilmişdir. 1992-ci ildə onlardan on bir nəfəri öldürüldü.
Hər bir daş, ağac və ot qırıntısı mənə tanış idi. Həyatımın 42 ili Xocalıda keçib. Orada dəmiryolu var idi və Dağlıq Qarabağ regionunda yeganə hava limanı Xocalıda idi.
1992-ci ilin fevral ayında telefon və radio rabitəsi bizim yeganə əlaqə vasitəmiz idi və biz erməni kəndləri ilə əhatəyə alınmışdıq.
25 fevral qeyri-adi dərəcədə sakit idi; heç bir atışma yox idi. Hiss edirdik ki, hazırlıqlar gedir. Xocalı yeganə azərbaycanlıların nəzarətində qalan kənd idi. Az miqdarda ərzağımız və bir neçə silahımız var idi. Çörəkçiyə yalnız ehtiyacı olan ailələrə un paylamağa icazə vermişdim; o, israflı şəkildə çörək bişirə bilməzdi. Səhiyyə xidmətimiz yox idi, lakin yaralı, yaşlı və xəstələrimiz var idi. Biz onlarla bağlı nə edəcəyimizi bilmirdik.
Həmin gün mən müdafiə postlarını yoxlamağa getdim və sonra evə döndüm. Axşam saat 19:30-da telefon və ratsiya ilə Xankəndindən Xocalıya doğru qüvvələrin istiqamətləndiyi barədə xəbərlər aldım. Onlar üç il ərzində tədricən Xocalını mühasirəyə almışdı və sonradan eşitdik ki, həmin ərazidə 366-cı alaydan olan polkovnik-leytenant Zatigerov həmin gecə hücumu həyata keçirməyə həvəsləndirmə kimi general rütbəsi ilə təltif olunmuşdur.
Axşam saat 23:00-da müxtəlif istiqamətlərdən gərgin atışmalar başladı. Onlar yüksək səviyyədə hərbi avadanlığa malik idi, bizdə isə adi silahlar idi. Onlar bizim silahların atış məsafəsindən uzaqda idilər. Çaşqınlıq yaranmışdı. Arxada 100 nəfər əhalini və meyitləri saxlamalı olduq – biz onları götürə bilmədik.
Qış idi, ərazi dağlıq idi və Azərbaycanın nəzarətində olan ən yaxın yaşayış məntəqəsi Ağdamdan 16 km məsafədə yerləşirdi. Yol ilə gedə bilməzdik; beş kilometrdən sonra yol Əsgəranın içərisi ilə meşələrin arasından keçirdi. Qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla bizim qrup meşəyə çatmaq üçün donmuş Qarqar çayını keçməli idi. Çayı ayaqyalın keçdik, ayaqqabılarımız ya islanmış, ya da cırılmışdı, islanmış vəziyyətdə qalın qar qatı, tikanlar, daşlar üzərində hərəkət edirdik… Səhərə yaxın meşədən çıxdıq və bundan sonra gizlənməyə yer yox idi. Əsgəran-Naxçıvanlı yoluna çatdıq və “UAZ” markalı nəqliyyat vasitəsi ilə rastlaşdıq. “UAZ”dakı ermənilər bizi gördülər.
Cəbhə xətti Əsgəranın o biri tərəfində idi; biz oranı keçərək iki kilometrlik adsız təpəliklərə çatmalı idik. Bütün gecəni hərəkət etdik, yorulmuşduq və həmin ərazini yaxşı tanımırdıq. Ermənilər öz səngərlərində bizim gəlməyimizi gözləyirdilər. Əhalinin hərəkətini asanlaşdırmaq üçün 10-15 nəfərlik qruplara bölündük. Əsas qətliam da həmin yolda baş verdi.
Mən 10 nəfərlə birlikdə ərazidən keçməyə çalışırdım, lakin tezliklə başa düşdüm ki, biz mühasirədəyik. Yoldaşlardan atəş açmamağı və gizlənməyə yer tapmağı xahiş etdim. Biz orada bir gün qaldıq və mənimlə olan şəxslərin beşi yaralanmışdı. Nəhayət, ikinci gün biz Ağdama çata bildik.
Tarixdə müharibələr hərbiçilər ilə aparılmışdır. Xocalıda hərbi qüvvələr yox idi. Mən özünü-müdafiə qüvvələrinin rəhbəri idim; peşəkar hərbi təlim görmüş heç kəs yox idi. Ermənilər qadın və uşaqlara qarşı müharibə apardılar; onlar hətta ölüləri belə təhqir edirdilər. Mənim iki nənəm öldürüldü. Mənim 60 yaşlı anam öldürüldü; onun cəsədi üç həftədən sonra meşədə tapıldı.
Mən öz doğma torpağıma qayıtmaq və orada öz evimi yenidən qurmaq istəyirəm, bunu xahiş və tələb edirəm.
Dünya bizə demokratiya dərsi keçir, lakin Xocalı əhalisinin hüquqlarının bərpa olunması üçün niyə heç bir tədbir görülmür? Avropa İttifaqı və BMT təcavüzkarları müdafiə edir.
Mən erməni xalqını qınamıram, mən onların rəhbərlərini təqsirləndirirəm…Ermənilərlə birgə yaşamaq taleyimizə yazılıb; Allah bizi qonşu yaradıb.
Ian Peart tərəfindən müsahibə
Hekayənin mənbəyi: “Xocalı müharibə cinayətinin şahidi – Ermənistan müttəhim kürsüsündə”, kitabı
Ithaca Press tərəfindən nəşr edilmişdir, London 2014