1991-ci ildə SSRİ-nin ləğvi onun keçmiş sərhədi daxilində bir sıra etnik münaqişə və müharibələrin kəskinləşməsi ilə müşahidə olundu. Nəticədə, Ermənistanın tarixi Azərbaycan torpaqlarına ərazi iddialarından irəli gələn və Cənubi Qafqazın müasir tarixinin ən mübahisəli məsələlərindən biri olan Dağlıq Qarabağ münaqişəsi 1991-1994-cü illərdə qaynar müharibəyə səbəb oldu. Hərbi əməliyyatlar qeyri-mütənasib imkanlarla aparıldığı üçün müharibənin nəticələri Azərbaycan üçün dəhşətli idi və keçmiş SSRİ silahlı qüvvələrinin aşkar dəstəyi ermənilərin Azərbaycanın ərazi bütövlüyünü pozaraq torpaqlarının 20%-ni işğal etməsinə gətirib çıxartdı. Hərbi təcavüzlər Azərbaycan üçün təkcə ərazi itkisi demək deyildi, bu həm də ölkənin mədəni irsini dağıdaraq, qaçqın və məcburi köçkün böhranına səbəb oldu, ölkə iqtisadiyyatına dəhşətli zərbə vurdu.
Dağlıq Qarabağ bölgəsinin mühüm yaşayış məntəqəsi olan Xocalıda erməni vəhşiliyi ən yüksək həddə çatmışdı. Odur ki, şəhərin işğalı bir neçə məqsədyönlü planla, məsələn, işğalı daha da asanlaşdırmaq və Ağdama, Şuşaya, Xankəndiyə, Əsgərana yol açmaq, Azərbaycanın təkcə hərbi qüvvələrini deyil, həm də mülki əhalisinin ermənilərə qarşı müqavimət göstərmək niyyətini boğmaq məqsədilə həyata keçirilmişdi. Bu faktlar sübut edir ki, Xocalının işğalı və dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi məqsədyönlü xarakter daşıyırdı.
1994-cü ilin mayında Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında saziş imzalandıqdan sonra münaqişənin həlli üçün müxtəlif sülh təklifləri irəli sürülmüşdür. Minsk Qrupu danışıqlar prosesinə cəlb olunduqdan sonra münaqişə tərəfləri bu danışıqlar institutuna böyük ümid bəsləyirdilər, çünki o, təkcə Rusiya və Türkiyə kimi regional dövlətlərdən deyil, həm də Avropa və Şimali Amerika ölkələrindən ibarət idi və belə geniş təmsilçiliyin münaqişəyə sülh yolu ilə son qoyacağına inam yaradırdı. Lakin, bütün bu səylərə baxmayaraq Ermənistan tərəfi heç vaxt münaqişənin sülh yolu ilə həll edilməsi üçün konstruktiv yanaşma ortaya qoymamış və cəbhə xətti boyunca yaşayan mülki əhalini hədəf alaraq 1994-cü il atəşkəs müqaviləsini dəfələrlə pozmuşdur.
Erməni vəhşilikləri və özbaşınalıqları 2018-ci ildən sonra öz zirvəsinə çatmış, bu da öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları üçün ciddi maneələr yaratmışdı. Belə ki, Ermənistan hökumətinin Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş ərazilərdə həmişəlik möhkəmlənməyə cəhd etməsi, ATƏT-in Minsk Qrupu tərəfindən başladılan və hər iki tərəfin qəbul etdiyi “Əsas Prinsiplər”in rədd edilməsi, qondarma Dağlıq Qarabağ Respublikasının inzibati mərkəzini Xankəndidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya köçürmə cəhdi, dünyanın müxtəlif yerlərindən olan ermənilərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qanunsuz yerləşdirilməsi, toponimlərin dəyişdirilməsi və tarixi abidələrin saxtalaşdırılması kimi təcavüzkar və dözülməz hərəkətləri tərəflər arasında gərginliyə səbəb olmuşdur.
Bundan əlavə, 5 avqust 2019-cu il tarixində Xankəndində baş tutan mitinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Artsax Ermənistandır, nöqtə” bəyanatı baş tutacaq ciddi danışıqlar ehtimalını məhv etmişdir. Əlavə olaraq, Ermənistanın müdafiə naziri David Tonoyan 2020-ci ilin mart ayında Nyu Yorkda “sülh üçün ərazi” siyasətinin “yeni ərazilər üçün yeni müharibə” siyasəti ilə əvəz edildiyini bəyan etmiş və bununla da münaqişənin sülh yolu ilə həllinə heç bir bir yer qoymamışdır. Lakin, 2020-ci ilin yayında Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozaraq, münaqişə zonasından kənarda yerləşən Tovuz rayonuna hücum etməsi mövcud vəziyyətin daha da gərginləşməsi üçün son səbəb olmuşdur. Tovuz rayonundan keçən neft və qaz ixrac kəmərlərinin hədəfə alınması Avropanın enerji təhlükəsizliyini təhdid edirdi. Bu baxımdan, Ermənistan tərəfindən sonrakı aylarda atəşkəs rejiminin tez-tez pozulmasına baxmayaraq, davamlı olmayan atəşkəs əldə edilmişdi.
Məhz buna görə də Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başlamışdır. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli atəşkəs müqaviləsi nəticəsində 1 dekabr tarixi etibari ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu 44 günlük müharibə Xocalının və Azərbaycanın bütün işğal olunmuş ərazilərinin uzun müddət davam edən işğalına son qoydu ki, bu da xocalılıların və məcburi köçkünlərin öz doğma yurdlarına böyük qayıdışına gətirib çıxaracaqdır. Belə ki, soyuq qışdan sonra yeni həyatın bərpası ümidi ilə xocalılılar Xocalıda badam ağacının yenidən çiçəklənəcəyinə inanırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının işğal olunmuş əraziləri azad edildikdən sonra iqtisadiyyatın idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə ölkənin iqtisadi rayonlarının yenidən təşkili üçün 2021-ci il iyulun 7-də iqtisadi fəaliyyətlə məşğul olan rayonların yenidən təşkili haqqında ”Azərbaycan Respublikasında İqtisadi Rayonların Yeni Bölgüsü” Sərəncamını imzalamışdır. Fərmana əsasən, Xocalı Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Şuşa və Tərtərlə birlikdə Qarabağ iqtisadi rayonuna daxil edilmişdir.