Əvvəllər Özbəkistanda yaşayırdım. Azərbaycanda sığınacaq tapdıq və Xocalıda məskunlaşdıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını ələ keçirdilər. İnsanlar meşəyə qaçmağa başladılar. Biz evin zirzəmisində gizləndik. Ermənilər zirzəmiyə girərək atəş açmağa başladılar. Ərim də atəş nəticəsində öldü. Ona yaxınlaşmaq istədiyimdə ermənilər pulemyotun lüləsi ilə arxadan məni vurdular. Bədənimdə onun hələ də izi var. Azyaşlı uşaqlarla birgə 64 nəfəri Xankəndinə apararaq 3 gün orada saxladılar. 3 gün ərzində bizə bir dilim çörək belə vermədilər. Ermənilər gənc qızlara təcavüz edir, bizi isə tez-tez döyürdülər.