The Sunday Times, 1 mart 1992-ci il
Tomas Qoltz, Ağdam, Azərbaycan
Şahidlərin bildirdiyinə görə, erməni əsgərləri əksəriyyəti qadın və uşaq olmaqla, 450-dən çox azərbaycanlını öldürmüş və süngüyə keçirmişdir. Yüzlərlə, ehtimal ki, minlərlə şəxs itkin düşmüş və qorxudan ölmüşdü.
Hücum edənlər qadın və uşaqları qoruyan əsgər və könüllülərin əksəriyyətini öldürdülər. Daha sonra onlar öz silahlarını vahimədə olan qaçqınlara tərəf çevirdilər. Az sayda sağ qalan şəxslər baş verən hadisələri sonradan bu cür təsvir edirdi: “Əsl qırğın onda başladı”, – deyə sağ qalan üç əsgərdən biri olan Azər Hacıyev bildirib. “Ermənilər ancaq atəş açdılar. Sonra isə gəlib öz süngü və bıçaqları ilə insanları doğramağa başladılar”.
“Onlar ancaq atəş açırdılar, atəş açırdılar, atəş açırdılar”, ermənilərin əlindən xilas olmuş digər qadın və uşaqlarla Ağdama çatmış Raisə Aslanova dedi. O, həyat yoldaşı Kayunun və kürəkəninin onun gözü qarşısında qətlə yetirildiyini bildirdi. Qızı hələ də itkin idi.
Ağdama gələn bir oğlanın qulağı kəsilmişdi.
Sağ qalanlar, bəzilərinin ayrı-ayrılıqda qaçdığı 2000 nəfərin hələ də çətin ərazidə itkin düşdüyünü qeyd etdilər; çoxu yaralarından və ya soyuqdan həlak ola bilərdi.
Dünən axşamadək 479 ölü Ağdamdakı meyitxanada qeydə alınmış və 29 cəsəd isə qəbiristanlıqda dəfn edilmişdi. Dəfn edilməyi gözləyən gördüyüm 7 cəsəddən ikisi uşaq, üçü qadın idi və biri isə sinəsindən yaxın məsafədən nişan alınaraq vurulmuşdu.
Ağdam xəstəxanası qırğın və terror səhnəsi idi. Həkimlər orada əksəriyyəti güllə və ya dərin bıçaq yaraları ilə qırğından xilas olmuş 140 xəstənin olduğunu bildirdilər.
Onlar heç Ağdamda da təhlükəsiz şəraitdə deyildilər. Cümə gecəsi 150 min əhalisi olan şəhərə raketlə hücum edilib, bir neçə bina dağılıb və bir nəfər ölüb.