The New York Times, 3 mart 1992-ci il
Bu gün əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan Dağlıq Qarabağda erməni yaraqlılarının azərbaycanlı mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı yeni sübutlar üzə çıxıb.
Azərbaycan mətbuat agentliyi olan Azerinform bazar günü axşam azərbaycanlılar yaşayan Şuşa şəhərinə yenidən erməni raketinin atıldığı barədə xəbər etdi. Agentlik bu gün Vəncəli yaşayış məntəqəsinə edilən digər hücum zamanı bir neçə nəfərin yaralandığını bildirdi.
Ermənistan Respublikası keçən həftə onun hərbiçiləri tərəfindən azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərində 1000 nəfərin öldürülməsini və qarla örtülmüş dağ keçidləri ilə xilas olmaq üçün qaçan kişi, qadın və uşaqların qırğına verdiyini bir daha inkar etdi.
Lakin əraziyə səpələnən onlarla cəsədlər qırğın barədə Azərbaycan xəbərlərinin doğru olduğunu göstərir.
Baş dərilərinin soyulması halları barədə xəbər verilir.
Əraziyə helikopter ilə qısa səfər edən Azərbaycan rəsmiləri və jurnalistlər başlarının arxa hissəsi partlamış üç uşaq meyitini gətirdilər. Onlar ermənilər tərəfindən açılan atəş səbəbindən daha çox sayda meyit götürə bilmədiklərini bildirdilər.
“Qadın və uşaqların başlarının dəriləri soyulub”, – Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi. “Cəsədləri götürmək istədikdə onlar atəş açmağa başladılar”, – o bildirdi.
Ağdamda milis rəisi olan Rəşid Məmmədovun dediklərindən: “İnsan cəsədləri qoyun sürüsü kimi yerdə səpələnmişdi, heç faşistlər belə vəhşilik törətməyiblər”.
Dağlıq Qarabağın kənar ərazilərində, Ağdam yaxınlığında fotoqraf Frederik Lenqeyn dedi ki, azərbaycanlı cəsədlərlə dolu iki yük avtomobili görüb.
“İlk avtomobildə 35, güman ki, 2-cidə də elə o qədər cəsəd var idi. Bəzilərinin başı kəsilmiş, əksəriyyəti yanmış idi. Hamısı kişi idi və çox az hissəsi xaki formasında idi”.
Etnik zorakılıq və iqtisadi böhran 11 keçmiş Sovet respublikaları tərəfindən dekabr ayında yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına təhlükə yaratdı. Birlik, üzv ölkələr olan müsəlman Azərbaycanı və xristian Ermənistanı arasında tarixi münaqişə zəminində yenidən alovlanmış etnik nifrətin qarşısında artıq əlacsız idi.
İtar-Tass press agentliyinin məlumatına görə münaqişə vəziyyətində olan iki etnik qrupu ayırmaq üçün sonuncu bufer rolunu oynayan 366-cı alay geri çəkilməyə başladı. Xəbər xidməti iki tərəfin müdaxilə etmək üçün heç bir cəhd göstərmədiyini qeyd edir.
Dağlıq Qarabağda dörd il davam edən döyüşlər 1500-2000-ə yaxın insanın həyatına son qoydu. Amma ötən həftə baş vermiş vuruşma ən dəhşətlisi idi.
Keçən ay Dağlıq Qarabağın paytaxtı olan Stepanakertdə yerləşmiş 366-cı alay atışmanın mərkəzinə düşmüş və ən azı üç əsgəri həlak olmuşdu.