1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə, Xocalının işğalından sonra mən həyat yoldaşım Səidə, 6 yaşlı oğlum Sirac, atam Şahməli, əmimqızı Səadət və digər qohumlarımla bərabər şəhəri tərk etməli oldum. 1992-ci il fevral ayının 27-si saat 10:00-11:00 radələrində silahlanmış ermənilər bizi mühasirəyə aldılar və Pircamal kəndi yaxınlığında əsir götürdülər. Onlar kisələri başımıza keçirdilər və maşınla harasa gətirdilər. Kisələri başımızdan çıxaranda biz mal-qara, eşşək və qoyunların saxlanıldığı bir tövlədə olduğumuzu gördük. Orada qadınlar, yaşlılar, oğlum, qayınatam Cəmil, qardaşım Faiq və digərləri də daxil olmaqla 200-300 nəfər Xocalı sakini gördüm. Daha sonra onlar tövləyə qardaşım Namiqi də gətirdilər. Ermənilər pul, qızıl, zinət əşyaları və digər dəyərli əşyaları insanlardan alaraq böyük bir küpə yığdılar və bu pula silah alacaqlarını və həmin silahlarla da bizi öldürəcəklərini dedilər.
Həmin gün, saat 16:00-da həm hərbi, həm də mülki geyimdə olan təxminən 20 nəfər saqqallı erməni armatur parçaları, taxta və pulemyot silahları ilə tövləyə daxil oldular, bizi qruplara böldülər və başımıza, kürəyimizə və ayaqlarımıza qəddarcasına vurmağa başladılar. Onlar insanları biri-birinin üzərinə itələyirdilər. İnsanların qabırğaları, dişləri və başları zədələnmişdi. Onlar kəlbətinlə qızıl dişləri çıxardırdılar. Onlar pulemyot silahın lüləsi ilə mənim burnumdan vurdular və burnum sındı. Ağrıdan huşumu itirdim və sonra özümə gələndə bir müddət heç nəyi görə bilmədim. Bizi qəddarcasına döydükdən və odlu silahlarla hədələdikdən sonra, onlar saatlarla bizi ayaq üstündə durmağa, torpaq və mal-qara təzəyini yeməyə məcbur etdilər.
1992-ci il mart ayının 1-də onlar bizi Əsgəran Polis Bölməsinə gətirdilər və orada Yanğından Mühafizə Xidmətinin rəhbəri işləmiş polis nəfəri Karo ilə qarşılaşdıq. Karo mənə öləcəyimi dedi. Onlar bizi müvəqqəti bir sığınacağa yığdılar və üst-başımızı axtarmağa başladılar. Karo mənə, Elxana və İsaya zirzəmidə qalmağı əmr etdi, digərlərini isə göndərdi. Oğlum mənim yanımda qalmaq üçün ağlamağa başlayanda, Karo onu qəddarlıqla döydü. O, məni tapançanın lüləsi ilə vurub yıxdı və 10-12 saqqallı erməni nəfərinə məni dəyənəklə vurmağı əmr etdi. Bu zərbələrdən huşumu itirdim. Özümə gələndə Elxan onların məni huşumu itirdikdən sonra da 50 dəfə dəyənəklə döydüyünü söylədi. 1992-ci il martın 2-si səhər vaxtı onlar bizi buraxdılar.
Əsirlikdən qayıtdıqdan sonra mən Əsgəran Polis Bölməsində girov saxlanılan Xocalı sakinləri Valeh, əmim Məmməd, Cəmil, Canan (hal-hazırda o vəfat edib), İlqar, İlham (o da indi dünyasını dəyişib), Dürdanə (o, Xocalıdakı poçt idarəsində telefon operatoru vəzifəsində çalışırdı) və onun qardaşı Elşaddan Faiqin başına gələnləri eşitdim. Belə ki, onların dediklərinə əsasən, guya Karo qardaşım Faiqin harada təhsil aldığını soruşubmuş. O, “Gəncə” cavabını verəndə, Karo ona “Kirovabad” deməyi əmr etsə də, qardaşım yenidən “Gəncə” adını söyləyib. Daha sonra Karo Faiqdən soruşub: “Qarabağ kimə məxsusdur?”, Faiq cavab verib: “Qarabağ bizə məxsusdur”. Bundan sonra Karo silahını götürüb və polis şöbəsinin həyətində ona sinəsindən və boğazından atəş açaraq oradaca öldürüb. Hal-hazırda mən əsirlikdə olarkən məruz qaldığım zədələrə görə ikinci qrup əliləm.