1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə, saat 23:00-da, Xocalının işğal edildiyini gördükdən sonra arvadım Səadət, əmim Zəkəriyyə Quliyev, onun həyat yoldaşı Şura, onların oğlu Əkbər, Taleh və nəvələri Sevinc və Samir Əsgərana doğru qaçmağa başladılar. Biz Şelli və Dəhrəz kəndləri arasında olduğumuz zaman ermənilər bizi mühasirəyə aldılar və atəş açdılar. Biz müxtəlif istiqamətlərə qaçaraq gizlənməyə çalışırdıq. Daha sonra biri-birimizi itirdik. Şelli kəndinə çatanda mən qaçıb xilas olan şəxslər arasında arvadımı tapdım və onun gizləndiyi yerə getdim. Orada adlarını tanımadığım 13-14 nəfər Xocalı sakini, eləcə də Səlim, Dürdanə, Səidə və Elşad da vardı. Bizim güllələrimiz bitdikdən sonra ermənilər bizi əsir aldılar. Həyat yoldaşım güllə yarasından vəfat etdi. 1992-ci il fevralın 26-sı bizi Əsgərana gətirdilər. Onlar bizi yolumuzun üstündəki Qarqar çayının soyuq suyuna salırdılar. Səhər saat 10:00-da bizi 13-14 nəfərlə birgə Əsgəran Polis Şöbəsində yerləşdirdilər. Kişiləri və qadınları ayırıb döyməyə başladılar. Mən eyni zirzəmidə qaldığım Elxanı, Natiqi, Səlimi, Vasifi, İlqarı, Səadəti (hal-hazırda onlar vəfat edib), İntizamı və Mehmanı xatırlayıram. Hər zirzəmidə 15-20 nəfər girov saxlanılırdı.
Həmin axşam polis şöbəsində yanğından mühafizə bölməsinin rəhbəri və digər saqqallı ermənilərə başçılıq edən Karo məni, Elxanı, Səlimi, Hüseyni və Natiqi zirzəmiyə salmağı əmr etdi və onlar bizi qəddarcasına pulemyotun lüləsi, stulun ayaqları və dəyənəklə döydülər. Bizimkinə bitişik olan zirzəmidən də nalələr eşidilirdi. Beləliklə, biz ermənilərin orada saxlanılan qadınları döydüyünü, zorladığını və təhqir etdiklərini anladıq. 1992-ci il fevral ayının 28-də saat 16:00-17:00 radələrində onlar məni və Elxanı Karonun işgəncələri üçün hazırlanmış xüsusi otağa gətirdilər və orada baş barmağımın dırnağını dartıb çıxartdılar və barmaqlarımı qırdılar. İşgəncələr zamanı mən bir neçə dəfə huşumu itirdim. Martın 1-i Karo və digər saqqallı ermənilər zirzəmiyə daxil oldular və hər kəsi döydülər. Karonun təlimatlarını yerinə yetirən bir erməni öz bıçağını çox dərindən yaralamadan Elxanın sinəsinə batırsa da, o, ölmədi. İki saat sonra Karo Elxanı, Natiqi və (adlarını xatırlamadığım) daha iki şəxsi harasa apardı və mən onların başına daha sonra nə gəldiyini bilmədim. Daha sonra Karonun Səlimi, Hüseyni, Arazı, Vasifi zirzəmidən çıxardığını və güllələdiyini öyrəndim. O, bizi həmin gün saat 20:00 və 21:00 radələrində yenidən döymək üçün apardığı zaman adı Faiq olan bir nəfəri güllələdi. 1992-ci il mart ayının 22-də onlar bizi Azərbaycana geri gətirdilər və 3 erməni ilə dəyişdilər.