Ceyran Əzizova
Kaş ki sizinlə Xocalıda görüşərdim, sizə öz qonaqpərvərliyimizi göstərərdim.
Xocalını tərk edən zaman 35 yaşım var idi. Üç övladımın hamısı ailə həyatı qurublar və üç nəvəm var. Faciə zamanı uşaqlarım on iki və on səkkiz yaşlarında idilər.
Bu cür olacağını heç vaxt düşünə bilməzdim…
Axşam saat 21:00-da onlar Xocalını tanklarla mühasirəyə aldılar. Televizorda nümayiş olunan müharibələr kimi onlar tanklardan atəş açmağa başladılar və əhali öz evlərini tərk etməyə başladı. Keçmiş SSRİ-nin 366-cı alayı Xocalının cənubunda insanlara qarşı güc tətbiq etməyə başladı. Mən ordunun yerləşdiyi ərazidən 200 metr aralıda kommunal xidmət sahəsində çalışırdım.
Həyat yoldaşım (Vasif Məmmədov) həmin vaxt qırx iki yaşda idi. O, evə gəldi, onların (ermənilərin) amansız şəkildə atəş açdığını söylədi və daha sonra qonşuları xəbərdar etməyə getdi.
Xocalıdan çıxan yol Qarqar çayı ilə əhatələnmişdi. Biz Ağdama getmək üçün çaya doğru hərəkət etdik. Xocalıdan yeganə çıxış və oraya giriş hava yolu ilə mümkün idi; bütün yollar mühasirəyə alınmışdı.
Ağdama getmək üçün tələsik yola düşdük. Çayın yatağı geniş, buzlu və dərin (sinəmizə kimi) idi. Buzu qırmalı idik, çay donmuşdu və üzə bilmirdik, daşlı, sərt axını olan dağ çayı idi. Təxminən 7000 nəfər, bütün şəhər çayı keçirdi. İcra Hakimiyyətinin başçısı əhalini şəhəri tərk etməyə çağırırdı; o, başqa imkanın olmadığını deyirdi…
Hər kəs şəhərdən çıxmağa çalışırdı. Əynimizdə isti paltarlar yox idi və nə hisslər keçirdiyimizi təsvir edə bilmirəm. Yaralanmış həyat yoldaşım da daxil olmaqla, ailəmizin beş üzvü bizimlə idi. Heç kəs qala bilməzdi. Hamı şəhəri tərk etdi.
Çayın digər tərəfinə keçdikdə başa düşdük ki, çox adam artıq donub. Xəstə adamlar, yaşlılar, uşaqlar…Sağlam adamlar postu qorumağa çalışırdı. Bu yersiz idi. Onlar tanklara qarşı vuruşa bilməzdilər.
Qarşıda bizi qoruyan adamlar hərəkət edirdi, onlar atəşə məruz qaldılar. Erməni nəzarətində olan Naxçıvanlıda meşədə daha çox adam öldürüldü. Başqa yolumuz yox idi; biz Naxçıvanlını keçməli idik. 366-cı alayın tankları orada idi, bizə atəş açırdı.
Səhərə yaxın yoldaşım öndə gedirdi və yaralanmışdı. Mən də yaralanmışdım. On iki yaşında olan oğlum Ceyhunun çiyninə güllə dəymişdi. Mən onun yarasına qar qoydum. Onu tərk edə bilməzdim.
Biz dörd nəfərdən ibarət qrup olduq. Mən uşağımla idim və Qafar Zeymala (52) adlı bir kişi və onun Sevinc Aslanova (18) adlı qızı bizimlə idi. Ermənilər dördümüzü də girov götürdü. Mən onlardan uşağımı götürməməyi xahiş etdim. Əl çantamda pul, zinət əşyaları, qızıl saatım var idi və mən bu əşyaları onlara təklif etdim. Başım qanayırdı. Onlar uşağımı götürməkdə israrlı idilər.
Onlar bizi bir erməni ailəsinə apardı. Bu ailənin Bakıda köməyə ehtiyacı olan oğlu var idi. Onlardan tibbi ləvazimat, dərman istədim və oğlumun yarasını təmizlədim. Günorta idi.
(…söhbətə çay fasiləsi verildi və bizi Xocalıda qarşılaya bilmədiyinə görə üzrxahlıq etdi…)
Heç kəs bizim orada olduğumuzu bilmirdi. Erməni ailəsindəki azyaşlılar bizə qarşı müqavimətə məcbur olunurdular. Ermənilər bizi dəyişmək istəyirdilər. Onların Bakıda həbsxanada bir oğlu (Qarabağ müharibəsindən öncə, Sovet dövründən) saxlanılırdı.
Erməni ailəsi bizə qarşı mehriban deyildi, lakin onlar bizi oğulları ilə dəyişdirmək ümidi ilə gizlətdilər.
Həm Ermənistan, həm də Azərbaycan tərəfi dəyişdirmə əməliyyatını həyata keçirmək üçün müdafiə qüvvələrinə malik idilər. Mənə elə gəlirdi ki, dəyişdirilmək üçün əsir götürülən kişi və ya onun qızı seçiləcəkdi. Lakin, ermənilər mənim getməli olduğumu bildirdilər. Mən oğlumu orada saxlamalı idim.
Beləliklə, səkkiz gün bu ailədə əsir saxlanıldıqdan sonra məni həmin erməni ailənin oğlunu Bakıda həbsxanadan buraxmaq şərti ilə azad etdilər.
Ailəm məni Bakıya aparmaq üçün Ağdamda gözləyirdi. Bakıya çatanda digər ailə üzvlərim oğlumu erməni ailəsinin yanında saxladığıma inanmırdılar.
Bakıya çatanda bir çox yerə baş çəkməli oldum. İki ay ərzində müxtəlif nazirliklərə müraciət etdim. Qohumlarım mənə çox kömək etdilər. Həmin ermənini həbsxanada gördüm. Oğlum barədə yalnız bir dəfə xəbər almışdım. Bakı prokurorluğu mənim üçün telefon əlaqəsi yaratdı. Mən həmin ailənin digər oğlu ilə danışdım və onu müvafiq icazənin alınması üçün tədbirlərin görüldüyünə əmin etdim.
Söhbətdə iştirak edən digər bir qadın onun həyat yoldaşının əsirlikdə öldürüldüyü barədə ağlayaraq danışır və cəsədlərin yerinin müəyyən edilməsi və dəfnin təşkilindəki çətinlikləri çatdırırdı.
Erməni dustağı Bərdəyə aparıldı və mən də oraya getdim. Orada Sovet hakimiyyəti vaxtında həbs olunan on bir nəfər erməni Azərbaycanlılarla dəyişdirilməyə hazır idilər. Dustaqlar qatarla yola salındı, lakin mən Ağdam yolu ilə nəqliyyat vasitəsi ilə getdim. Ağdam müdafiə qüvvələrinin müşayiəti ilə Əsgərana getdim. Kişi qohumlarım mənim yerimə oraya getmək istəsələr də mən özüm getməyi münasib bildim. Həmin dustağı Əsgəranda gördüm və ona heç bir ziyan vurmaq niyyətində olmadığımızı bildirdim. Mən onu Azərbaycan əsgərləri ilə birlikdə dəyişdirilməyə apardım.
Qərargahı Ağdamda yerləşən Allahverdi Bağırov adlı şəxs dəyişdirmə əməliyyatına məsul idi. Sonralar o, mina partlayışı nəticəsində həlak oldu. Xocalıda Vitalik adlı şəxs erməni tərəfdən dəyişdirmə əməliyyatını hazırlayırdı. Mən erməni dustağını yalnız erməni ailəsində hələ də girovluqda olan üç nəfərlə dəyişdirməyin mümkün olduğunu söylədim. Mən buna nail ola bildim. Erməni dustağının adı Karlen Aynumyan idi.
Həmin faciə günü mənim qayınatam və iyirmi yaxın qohumum qətlə yetirildi.
Əsgəran postunda oğlumla yenidən görüşən zaman donmuş və mat vəziyyətində idim. Aprel ayının 28-i idi və dəyişdirmə əməliyyatı səhər saat 09:00-10:00 və 13:00-14:00 radələrində baş tutdu.
Oğlum heç vaxt bu söhbətlərə qoşulmur, mən başıma gələnləri danışanda, o, hələ də sıxıntı keçirir. Televizorda müharibələrə baxardıq, lakin bu müharibəyə belə oxşamırdı, burada qaydalar yox idi. Heç kəsə aman yox idi.
Böyük oğlu bizə anasının öz oğlunu xilas etmək üçün göstərdiyi səylərə görə daim televiziyada göstərildiyini söylədi.
Qarabağsız burada məhv olmaq üzrəyik.
Fiona Maclachalan tərəfindən müsahibə
Hekayənin mənbəyi: “Xocalı müharibə cinayətinin şahidi – Ermənistan müttəhim kürsüsündə”, kitabı
Ithaca Press tərəfindən nəşr edilmişdir, London 2014.