1992-ci il fevralın 25-dən 26-na keçən gecə bizi Xocalıdan çıxmağa məcbur etdilər. Yoldaşım və 5 uşağımla birlikdə meşədə gizləndik. Ermənilər bizi mühasirəyə aldılar. Naxçıvanik kəndində sol qolumdan yaralandım. Hərəkət edə bilmirdik, hər tərəfdən mühasirədə idik. Ermənilər bizi Əsgərana apararaq polis bölməsində saxladılar. Yaralı olduğuma baxmayaraq mənə heç bir tibbi yardım göstərilmədi. Soyuq olsa da, bizi yemək-içməksiz pəncərəsi olmayan otaqda saxlayırdılar. Xocalını tərk etdikdən sonra ermənilər evimizi, pulumuzu, qızıl əşyalarımızı – hər şeyimizi taladılar. İki gün sonra məni əsirlikdən azad etdilər.