1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalını tərk etdik. O gün mən növbədə idim. Evə qayıtdığımda evdə heç kəs yox idi. Meşəyə doğru getdim və ailəmlə orada görüşdüm. Hava şaxtalı idi. Qarqar çayını keçərkən başdan-ayağa islandıq. On yaşlı oğlum Vüsalı qucağıma alaraq yola davam etdik. Ancaq oğlum şaxtaya dözə bilməyərək həyatını itirdi. Ayaqlarım donduğundan mən də hərəkət edə bilmirdim. Bu zaman iki erməninin mənə yaxınlaşdığını gördüm, onlar məni vəhşicəsinə döyüb, əsir aldılar. Oğlumun cansız bədənini əllərimə götürmək istədim, ancaq təpiklə onun cəsədini itələyərək ona toxunmağa izin vermədilər. Məni Dəhrəz və Xankəndində əsir saxladılar. Zirzəmidə saxladıqları vaxt məndən milli orduda xidmət edən oğlumun olub-olmadığını soruşdular. Onları aldatmağa çalışaraq “yox” cavabı verdim. Sonra mənə onun sənədlərini göstərdilər, ancaq yenə də inkar etdim. Məni amansızcasına döyürdülər, sonra mənə milli orduda xidmət edən oğlum Zahid Ağayevin cəsədini göstərdilər. Onu qucaqlamaq istədiyimdə məni vəhşicəsinə döydülər və huşumu itirdim. Kəlbətinlə bütün dişlərimi çıxardılar. Ayağımdakı yaralar çürüməyə başladı. Onlar məni müalicə etmədilər. 35 gün əsir saxlanıldıqdan sonra azadlığa buraxıldım.