1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını ələ keçirdilər. Onlar günahsız insanları öldürdü, evləri yandırdı, insanların mal-mülkünü talan etdilər. İnsanları evlərini tərk etməyə, çıxıb getməyə məcbur etdilər. Həmin vaxt yoldaşım Mustafayev Vidadi Şəfa oğlu döyüşdə iştirak edirdi. Könüllü batalyonda xidmət edirdi. Evimizi tərk edə bilmədik. Qızlarım Səfayət, Ayşən, oğlum Taleh, baldızım Rəhilə, Xocalı polis bölməsində işləyən Elxanın ailəsi evimizin hamamında gizlənmişdilər. Qar yağırdı, hava şaxtalı idi. Elxan səhər 04:00-05:00 radələrində evimizə gəldi. Ermənilərin artıq Xocalını işğal etdiyini dedi. Fevralın 26-sı 11:00 radələrində ermənilər evimizə basqın edərək bizi əsir götürdülər. Bizi vəhşicəsinə döyürdülər. Qızım Səfayət ağlayırdı: ″Anamı döyməyin″. Ermənilər onu tutaraq ikinci mərtəbədən aşağı atdılar. Diz oynağı zədələnmişdi. Sonra ermənilər Elxanı döyməyə başladılar. Yoldaşım Vidadinin döyüşdə yaralandığını, ermənilərin əlinə düşməyək deyə özümüzü öldürməyimiz üçün ona patron verdiyini dedi. Elxan bunu edə bilmədiyi üçün üzr istədi, ermənilər onu gözlərimiz önündə döyərək öldürdülər. Ermənilərdən biri onun arvadını götürdü. İki oğlu isə bizimlə bərabər Əsgəran polis bölməsinə aparıldı. Bizi əsir alan ermənilərdən Şuşakənddən olan Aşotu tanıdım. Atasının adı Ata idi. Bir həftə bizi Əsgəranda saxladılar. Bizim aramızda hal-hazırda Gəncədə 9 nömrəli kollecin yataqxanasında yaşayan Dumbay ləqəbli azərbaycanlı var idi. Onu döyə-döyə apardılar. Qayıtdıqda isə yoldaşımın zirzəmidə saxlanıldığını dedi, ermənilərin onun gözü önündə bizə işgəncə verərək öldürməyi planladığını danışdı. Sonra ermənilər bir neçə dəfə məndən o kişinin kim olduğunu soruşdular. Heç nə cavab vermədiyimdən işgəncə verməyə başladılar. Armaturu qızdırıb bədənimə dağ basdılar. Sol qolumu və üst çənəmi bıçaqla kəsdilər. İzləri hələ də qalır. Sonra, döyüşdə 20 yaşlı qardaşı öldürülmüş erməni tərəfindən yoldaşım Vidadinin digər 4 azərbaycanlı ilə birgə qəbiristanlığa aparıldığını və orada başı kəsildiyini öyrəndim.
Baldızım Rahilə Mustafayeva da girov saxlanıldı. 25 yaşı var idi. Bir neçə dəfə ermənilərin təcavüzünə məruz qaldıq. Bizi pulemyot lüləsi, dəyənəklə amansızcasına döyür, yemək vermirdilər. Ermənilərdən Karo adlı bir kişi bizə işgəncə verirdi. O digərlərindən daha zalım idi. Əsirlərin qollarını, ayaqlarını bağlayır, dəyənəklə döyüb sümüklərini sındırırdı. Yanan siqareti onların gözünə, bədəninə dağlayır, qadınlara təcavüz edirdi. Həmişə hərbi formada idi. Ermənilər bütün pulumuzu, qızıl əşyalarımızı və sənədlərimizi aldılar. Baldızım Rahilə ağır xəstələndi. İşgəncələrdən qanaxması oldu. Əsirlikdən azad olunana kimi onu sağ saxlamaq çətin idi. Bizi soyuqda, yemək-içməksiz saxlayırdılar. Uşaqlar da xəstələndi. 7 gün sonra erməni əsirlərlə bizi dəyişdilər. Azad olunduqdan sonra müalicə almalarına baxmayaraq baldızım Rahilə və qızım Səfayətin həyatını xilas etmək mümkün olmadı. Qızım Səfayət 22 yaşında vəfat etdi, Ayşən və Taleh isə daimi olaraq həkim nəzarətindədirlər. Özüm əməliyyat olundum. Kəllə-beyin travması aldığımdan tez-tez baş ağrısından əziyyət çəkirəm.