1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya hücum etdilər. Evləri yandırıb, günahsız insanları qətlə yetirib, mal-mülkümüzü qarət etdilər. Biz meşəyə qaçdıq. Bir gün sonra Ağdamda Abdal-Gülablı kəndinə çatdıq. Orada 30 erməni silahlısı bizi mühasirəyə alaraq girov götürdülər. Mən, qayınatam, qayınanam, arvadım və iki qızım birlikdə idik. Uşaqların bir yaşı olmamışdı. Ermənilər bizi girov götürdükdən sonra vəhşicəsinə döyüb, Əsgəran rayonunun Dəhrəz kəndinə apardılar. Orada bir həftə bizi zirzəmidə saxladılar. Kiçik uşaqların olmasına baxmayaraq pulemyotun lüləsi, dəyənək, şişlə döyülmüş vəziyyətdə bizi soyuq, ac və susuz saxlayırdılar. Mən kəllə-beyin travması aldım, sinir sistemim isə tamamən pozuldu. Xocalını tərk edən zaman evimizi, qızıl əşyalarımı ermənilər qarət etdi. Ermənilər bizi girov götürən zaman pulumuzu belə aldılar. Martın 3-ü azad edildik. Bizə işgəncə verən ermənilər arasından yalnız pulemyotun lüləsi, dəyənək və kürək ilə bizi döyən ermənini xatırlayıram.