1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıdan çıxdıq. Həmin gün növbədə idim. Çətinliklə evə çatdım, evdə heç kəs yox idi. Meşəyə qaçdım, Xocalıdan olan başqa sakinlərlə birlikdə 3 gün orda qaldım. Hava olduqca şaxtalı və dumanlı idi. Buna görə də, yolu itirmişdik. Ağdam rayonunun Abdal-Gülablı kəndinə getmək istəyirdik. Ancaq səhvən Dəhrəz kəndinə gəldik. Təxminən 50-60 silahlı erməni əsgəri bizə atəş açdılar. Bir çoxları elə oradaca həyatlarını itirdi. Məni isə əsir alaraq Xankəndində təcridxanaya apardılar. Mənimlə bərabər əsir düşənlərin adları hələ də yadımdadır; Niftalin, Səttar, Səməndər, Məhəmməd, Kamal, Əliş, Əbulfət. Orada saxladıqları vaxt amansızcasına pulemyot lüləsi ilə bizi döyürdülər. Bundan başqa, adi vətəndaşlara da bizi döymələrinə icazə verirdilər. Təcridxanada olan müfəttiş Feliks və Artur yaxşı yadımdadırlar. Sonra bizi Ermənistana, Qorisə apardılar. Yerevan polis bölməsində saxlanılaraq amansızcasına şiddətə məruz qaldım. Bizə yeməyə heç nə vermirdilər. Bütövlükdə 6 ay əsirlikdə qaldım. Sonra Qubadlıda bizi erməni girovları ilə dəyişdirdilər. İşgəncələrin nəticəsində mədə-bağırsaq xəstəliyinə tutuldum və sonralar əməliyyat olundum. Əsirlikdən azad olunduqdan sonra ermənilərin 7 yaşlı qızım Maralı öldürdüklərini mənə dedilər.