1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Xocalının işğalından sonra ailəmlə müxtəlif istiqamətlərdə qaçdıq. Mən bombardmandan qorunmaq üçün düzəldilən zirzəmidə gizləndim. Orada təxminən 100 nəfər qadın, kişi, uşaq və qoca var idi. Bir müddət sonra erməni və rus əsgərləri bizi taparaq pulemyot lüləsi ilə vəhşicəsinə döyməyə başladılar, insanları təpikləyərək zirzəmidə sürüyürdülər. Yoldaşım Novruz Qulu oğlu Zamanovun cansız bədənini görən zaman ona yaxınlaşmaq istədim, ancaq erməni əsgəri məni gördükdə ayağı ilə itələyərək geri yıxdı. Sonra bizi Mehdi kəndinə gətirdilər. Orada Azərbaycan əsgərlərini soyunduraraq gözümüzün önündə güllələdilər, bədən hissələrini kəsir, bir-birinə atırdılar. Hamilə qadının qarnını kəsərək uşağı çıxardıb güllələyərək parça-parça edirdilər. Azərbaycan qadınlarının oğlan uşaqları dünyaya gətirmələrinə imkan verməyəcəklərini deyirdilər, çünki bir gün silahlarını götürüb erməniləri öldürmək üçün geri dönə bilərlər. Qadınların qarınlarına şüşə butulka qoyub çəkiclə içəri salırdılar, sonra mədələrinin üstündə tullanaraq butulkaları qırırdılar, köhnə qaloşları qarınlarına salırdılar. Çirkin görsənsinlər deyə qızların saçlarını kəsirdilər. İçimizdən 50 qız seçərək təcavüz etməyə apardılar. Ermənilər kişiləri soyundurur, qızları ilə cinsi əlaqədə olmağa məcbur edir, etiraz etdikləri halda isə başlarını kəsməklə hədələyirdilər. Bizə işgəncə verənlərin adlarını dəqiq xatırlamıram. Xankəndində bir binanın zirzəmisində sağ qalmış adamları bizim zirzəmiyə gətirdilər, işgəncələr hələ də davam edirdi. Mən 1992-ci il martın sonunda azad edildim.