1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalını tərk edərək meşəyə sığındıq. Qardaşım Mikayıl, baldızım Dilşad və əmioğlum Asif də mənimlə birlikdə idi. Qardaşım Mikayıl girov düşməsin deyə özünü öldürdü. Naxçıvanikə yaxın ərazidə bizi girov götürdülər. Naxçıvanik, Əsgəran və Noraqexdə girov saxlanıldım. Ermənilər tez-tez bizi pulemyotların lüləsi ilə döyür, yemək vermir, yanan siqaretlə bədənimizi dağlayırdılar. Naxçıvanikdə olduğum zaman ermənilər 8 azərbaycanlını qətlə yetirdilər. Əsgəranda müstəntiq Karen, Noraqexdə isə müstəntiq Samvel yadımdadır. Onlar azərbaycanlıları amansızcasına döyür, işgəncə verirdilər. 14 gün əsir saxlanıldıqdan sonra digərləri ilə birgə azad edildik.