1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını ələ keçirdilər, bizi isə şəhəri tərk etməyə məcbur etdilər. Bizimlə birlikdə təxmini 150-200 nəfər var idi. Meşəyə qaçdıq. Təxminən 200 nəfər silahlı erməni əsgəri bizə atəş açırdı, onların arasında rus əsgərləri də var idi. Güclü atışmadan sonra 150-200 nəfərdən cəmi 20 nəfəri sağ qala bildi. Ermənilər pulumuzu, qızıl əşyalarımızı əlimizdən aldılar, insanların qızıl dişlərini vəhşicəsinə kəlbətinlə çıxartdılar, qadınların qulaqlarını kəsib sırğalarını götürdülər. Mənim və atamın qızıl dişlərini çıxartdılar. Qonşumuz Cəlalın arvadını, qızını, oğlunu və onun nişanlısını vəhşicəsinə qətlə yetirdilər. Gözlərimiz önündə Müşviq adlı oğlanı maşına bağlayıb yerdə sürüdülər. Üzü yaralanmış, qolları bir neçə yerdən sınmışdı. Öz atası belə cəsədini tanıya bilmədi. Bir gün içində dəfələrlə vəhşicəsinə döyülürdük. Ermənilərdən Canna adında qadın bizə əziyyət edirdi. Qarı belə yeməyimizə imkan vermirdilər.