The Independent, 5 mart 1992-ci il
Helen Vomak, Ağdam, Azərbaycan
Qurbanların dəqiq sayı qeyri-müəyyəndir, lakin ötən həftə Dağlıq Qarabağın qarlı dağlarında Ermənistan silahlıları tərəfindən azərbaycanlı mülki şəxslərə qarşı qətliam törədilməsinə dair şübhə ola bilməz.
Azərbaycanın sərhəd rayonu olan Ağdamda sığınacaq tapan anklav Xocalı rayonundan olan qaçqınlar 25 fevral gecəsi düşmənlərin onlara necə hücum etdiyinə, ətraf meşələrdə xilas olmaq üçün qaçanları necə təqib etdiyinə və öldürdüyünə dair birmənalı ifadələr söyləyirlər. Çərşənbə axşamı gecə saatlarında Ağdama çatdıqda məsciddə bizə göstərilən dörd təhqir edilmiş cəsəddən əlavə, dünən mən bir qəbiristanlıqda 75 yeni qazılmış qəbir gördüm. Mən həmçinin dəmiryolu stansiyasında bir qrup vaqonlarda yerləşdirilmiş müvəqqəti hospitallarda güllə yarası almış qadınlar və uşaqlar gördüm.
Əsasən ermənilərin yaşadığı anklavda yerləşən Azərbaycan şəhəri olan Xocalıda 6000-ə yaxın əhali yaşayırdı. Ağdam polis komandiri cənab Rəşid Məmmədov yalnız 500 nəfərin qaça bildiyini söylədi. “Qalanları haradadır?” Bəziləri bəlkə də əsir götürülüb və ya harasa qaçıblar. Bir çox cəsəd hələ də dağlarda idi, çünki azərbaycanlıların onları geri gətirmək üçün kifayət qədər helikopteri yoxdur. Onun fikrincə 1000-dən çox insan təxminən -10 dərəcə temperaturda soyuqdan donaraq həlak olmuşdur.
Qadınların ağrılı şəkildə öz sinələrini döydüyü Xocalı məscidinin kənarında duran qaçqın Nasiru sakinlərin ilk öncə hücumun onların dörd illik münaqişə dövründə öyrəşdikləri müntəzəm atışmalar sandığını bildirdi. Lakin, sonra onlar erməniləri zirehli döyüş maşınlar dəstəsi ilə gördükdə anladılar ki, özlərini pulemyot və qumbara ilə müdafiə etməyə ümid edə bilməzlər və meşələrə qaçdılar. Bir neçə saatdan sonra qırğın başladı.
Xanımı və uşaqlarının əsir götürüldüyünü düşünən Nasiru digər qaçqınların da dediklərini bizə söylədi, belə ki, keçmiş Sovet ordusu da Ermənistanın Xocalıya hücum etməsində və işğalında onlara kömək olub. “Bu mənim fikrim deyil, bunları öz gözlərimlə görmüşəm”. O, dedi.
Ağdam əhalisi anklavın paytaxtı Stepanakertdən çıxarılan birlik qüvvələrinin Rusiyaya getməsi üçün onların bu şəhərdən keçməsinin çox təhlükəli olacağından qorxuya düşmüşlər. Dünən 366-cı motoatıcı alay planlaşdırılmış geriyə çəkilməni təxirə salındığı kimi görünür. Birlik qüvvələri Xocalıdan Stepanakertə hücum bazası kimi istifadə olunduğu üçün onların Xocalıya hücum etdiklərini söyləyirlər.
Azərbaycan adətinə əməl edərək qan damcıları təəssüratını yaratmaq üçün üzlərini cırmaqlayan qadınlar ağı demə mərasiminin icrası üçün qəbirlərin üzərində diz çökdülər. Kuklalarla bəzədilmiş qəbirlər ailə qurmağa hazırlaşan gənc oğlanlara məxsusdur. Orta yaşlı bir kişi öz qardaşı oğlunun qəbri üzərində durmuşdu: Əbülfət Əliyev: doğum tarixi: 1963, ölüm tarixi: fevral 1992. “Qadınları və uşaqları xilas etmək üçün o, iki dəfə meşəyə qayıtdı. Üçüncü dəfə öldürüldü. Həqiqəti yazın” – deyən kişi Qərb mətbuatının xristian Ermənistanın xeyrinə və müsəlman Azərbaycanına qarşı ədalətsiz mövqe tutması ilə bağlı ümumi fikri ifadə etdi.
Məscid və qəbiristanlıq onsuz da əzabverici idi, lakin daha ağır səhnələr yaralıların olduğu dəmiryolu vaqonlarında idi. Bakıdan olan həkim Eldar Sıracov 26 fevral tarixindən etibarən 256 nəfərin müalicə olunduğunu söylədi. Nübar Dünyamalıyeva bel nahiyəsində güllədən giriş və çıxış yaraları almış şəkildə qarnı üzərində uzanmışdı. O, dörd uşağı və yaşlı anası ilə meşədə qalmışdı. İki uşağı itkin düşdü, lakin digər üç nəfər onunla idi. Onların bəxti gətirmişdi ki, onlara Azərbaycanın nəzarətində olan əraziyə yaxın yerdə atəş açılmışdı və öz tərəflərində olan əsgərlərə doğru iməkləyə bilmişdilər.
Bakı Universitetindən olan digər cərrah Səttar Yaqubov antibiotiklərə müraciət edirdi. O, Xocalıdan öncə sülhə inandığını, lakin indi yeganə çıxış yolunun Dağlıq Qarabağın ermənilərdən təmizlənməsində gördüyünü bildirdi. “Daha erməni görmək istəmirəm”. Hətta həkim Yaqubov kimi sivil adamların belə qisas çağırışları münaqişənin həlli ilə bağlı imkanların məhdud olduğundan xəbər verir.
Geri qayıdarkən silahlılar görünür bizi qorxutmaq üçün yaxınlıqdakı ərazilərdə erməni snayperlərinin müşahidə etdikləri qəbiristanlığa apardılar. Onlardan biri məni qorxan görərək söylədi: “Qorxdun? İndi bizim qadınların necə hisslər keçirdiklərini başa düşərsiniz”.
Tibbi yardım təşkilatı olan “Medecins sans Frontieres” tərəfindən regiona göndərilən qrup dünən 35 minə kimi azərbaycanlı mülki şəxsin Ermənistan silahlılarının atəşi altında olan Ağdamdan Azərbaycanın paytaxtı Bakıya doğru hərəkət etdiklərini bildirdi.
Bakıda güclü müxalif Xalq Cəbhəsi qırğından sonra prezident Ayaz Mütəllibovun istefasını tələb edirdi. Bu gün Azərbaycanın parlamenti fövqəladə sessiya keçirəcək və bu sessiyada prezident Mütəllibovun istefa vermək üçün güclü təzyiqə məruz qalacağı gözlənilir.
Ermənistanın paytaxtı Yerevanda Azərbaycanda yerə endirilən Ermənistan helikopterindən sağ çıxanlar onun ən azı 14 nəfərin ölümü ilə nəticələnərək alova bürünmüş şəkildə yerə enməzdən öncə atəşə məruz qaldığını söyləyirdilər.