1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Xocalının işğalından sonra mən ailəmlə birlikdə şəhəri tərk etməli oldum. Atışma zamanı biz biri-birimizi itirdik. Daha sonra mən onları axtarmağa başladım və yalnız Ağdam rayonunun Qaraqaya adlı qəsəbəsində ayağından yaralanan bacım Dürdanəni tapa bildim.
1992-ci il fevralın 26-sı saat 08:00-09:00 radələrində, ermənilər atəş açdılar və biz xilas olmaq üçün 5-6 nəfərlə Qaraqayadakı xəndəklərdə gizləndik, lakin onlar bizi mühasirəyə aldılar və əsir götürdülər. Təhqirlər yağdıraraq və pulemyotun lüləsi, taxta və dəmir parçaları ilə bizi vuraraq, Əsgərandakı magistral yola qədər piyada getməyə məcbur etdilər. Ermənilər daş və taxta parçaları atır, başımızın üzərindən atəşlər açırdılar. Onlar mənə və bacım Dürdanəyə yarım saat işgəncə etdikdən və incitdikdən sonra bizi Əsgəran Polis Şöbəsinin təcridxanasına gətirdilər və insanlarla dolu zirzəmiyə atdılar. Burada onlar bizə daha da qəddarlıqla işgəncələr verdilər. İşgəncələr edilərkən onlara həmin şöbədəki Yanğından Mühafizə şöbəsinin rəisi – əslən erməni olan Karo rəhbərlik edirdi. Hərbi geyimdə olan Karo və digər ermənilər zirzəmidəki insanları dəyənək, pulemyotun lüləsi, taxta və dəmir parçaları ilə döyür, qadınları saçından tutub dəhlizlərdə sürüyür, onları zorlayır və ayrı zirzəmilərə atırdılar.
1992-ci il fevralın 26-da saat 12:00-13:00 radələrində 7-8 nəfər hərbi geyimdə olan sərxoş erməni zirzəmiyə daxil oldu və Zülfünü, Elxanı, Nəsibi, Xəqanini və adlarını xatırlamadığım 30-40 nəfər Xocalı və Qaradağlı kəndinin sakinlərini döydülər. Bir erməni mənim ağzıma AKM pulemyot lüləsi ilə vurdu və üst dodağımı partlatdı. Həmin zədələnmənin nəticəsi olaraq hələ də çapıq üzümdə qalır. Xocalı sakini olan traktor sürücüsü Hüseyn ermənilər tərəfindən döyüldükdən sonra ağlını itirdi, o, daim gülürdü və bu səbəbdən də onlar onu oradaca öldürdülər. Ermənilər biləndə ki, digər Xocalı sakini Elxan “Alazan” atıcısıdır, onlar onun qarnını bıçaqla kəsdilər və sonra isə onu harasa apardılar. Daha sonra biz eşitdik ki, Elxan aldığı bıçaq yaralarından ölüb. Onlar gənc oğlan Xəqanini də harasa apardılar və o vaxtdan bəri biz onun haqqında heçnə eşitməmişik. Onlar pulemyotçu Natiqi də harasa apardılar.
Yadımdadı, 1992-ci il fevral ayının 27-də mən həmin şöbənin zirzəmisinə gətirildim. Burada Karonun təlimatlarını yerinə yetirən ermənilər insanları soyundurdular və onları şüurlarını itirənədək dəmir parçaları ilə döyməyə başladılar. Həmin gecə onlar həmçinin məni də döydülər, lakin döyməyə başlamazdan əvvəl mən oraya çörək mağazasında işləyən Mobil adlı gənc oğlanın gətirildiyini gördüm. Karo odlu silahla Mobilin ayağından vurdu və o, yıxıldı. Sonra onlar yenidən onu döyməyə başladılar. Daha sonra onun başına nə gəldiyini bilmirəm. Düşünürəm ki, onu öldürdülər.
Ermənilər kəlbətinlə İlqarın sifətinin bir tərəfindən saqqalını qopartdılar, digər tərəfi isə tüklü qoydular və daha sonra onu təhqir etməyə və ələ salmağa başladılar. Karonun təlimatlarını yerinə yetirərək bizə nə su, nə də çörək verirdilər.
1992-ci il mart ayının 1-də polis şöbəsinin həyətində Karo Şahməlinin oğlu Faiqi Gəncənin adını “Kirovabad” kimi demədiyi üçün güllələdi. Mən özüm bu hadisənin şahidi olmamışam, lakin bu barədə adlarını xatırlamadığım Xocalı sakinlərindən eşitmişəm. Karo və onun köməkçiləri bizim zirzəmiyə bitişik olan digər zirzəmidə Faiqə işgəncələr verərkən mən onun qışqırıqlarını eşidirdim. O, çox cəsur insan idi və erməniləri qəddarlıqlarına görə təhqir etdiyi üçün onlar Faiqə daha çox əzab verməyə başladılar. 1992-ci ilin martında onlar məni, bacım Dürdanəni və Xocalıdan olan iki nəfər 12-13 yaşlı tanımadığım qızı UAZ markalı maşına mindirdilər və Azərbaycan ərazisinə gətirdilər.