1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalını tərk etdik. Oğlum Fərhadla birlikdə meşəyə sığındıq. Meşədə 3 gün qaldıqdan sonra Gilinbağ ərazisində əsir alınaraq Əsgərən polis bölməsinə aparıldıq. Orada 10 gün qaldıq. Bizi vəhşicəsinə döyür, yemək vermir, bir çox gənc qadınlara işgəncə verərək təcavüz edirdilər. Pulemyot lüləsi, dəmir parçaları, dəyənəklə döyülürdük. 10 gün əsirlikdə qaldım. Əsirlikdə aldığım zədələrin əzabını hələ də çəkirəm. Kəllə-beyin travması aldım. Yuxu dərmanları olmadan yata bilmirəm. Tez-tez kəskin baş ağrılarım olur. Böyrək və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirəm.