1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını ələ keçirdi. Bizi doğma torpağımızdan çıxmağa məcbur etdilər. O vaxt 10 yaşım var idi. Digər kənd camaatı ilə birlikdə anam və mən meşəyə qaçdıq.
Heç nə yeyib-içmədən 3 gün dondurucu soyuqda qaldıq. Sonra ermənilərə əsir düşdük. Bizi vəhşicəsinə döyərək Əsgəran polis bölməsinə gətirdilər. Orada bizi zirzəmidə 10 gün boyunca saxladılar. Orada təxminən 20-30 adam var idi. Həbsxana gözətçiləri hər gün bizi polad dəyənəklə döyür, gənc qadınlara təcavüz edirdilər. Qida təminatımız da yox idi. O vaxt uşaq idim, qorxudan ağladığımda ermənilər məni yerə yıxaraq təpiklə döyürdülər. Buna görə də, böyrəklərim xəstədi. 10 gün sonra azad edildik. 1996-cı ilə qədər tibbi müalicə aldım. Ermənilər evimizi, bütün mal-mülkümüzü taladılar.